Ana sahifə Saytın həritəsi Bizə yazın Azeri version English version
archive.php
Mübariz komanda yaradacağıq


Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi həvalə olunmuş Emil Cabbarov AFFA-nın saytına müsahibə verib
 
- Çimərlik futbolu ilə nə vaxtdan maraqlanmağa başlamısınız?
- 1995-ci ildən. Rusiyanın Saratov vilayətində çimərlik futbolu üzrə yarış keçirmək barədə bizdə ideya meydana gəldi. Xəzərin sahilində böyümüşük axı (gülür). O vaxt Rusiyada çimərlik futbolu yox idi. «Nike» şirkətinin bayrağı altında ilk yarışı biz təşkil etdik. Əvvəlcə «Delta»da oynayan-məşqçi kimi fəaliyyət göstərməyə başladım. Sonradan Rusiya millisi formalaşdırıldı və mən də komandaya dəvət edildim. Amma dizimdən zədələnəndən sonra futbolçu karyeramı başa vurub, sırf məşqçiliklə məşğul olmağa başladım.
- İndi Rusiyanın neçə bölgəsində çimərlik futbolu ilə məşğul olurlar?
- Əsas mərkəzlər Saratov, Samara, Moskva, Sankt-Peterburq, Novosibirsk və Soçidir. Amma digər bölgələrdə də məşğul olurlar.
- Rusiyada ümumilikdə neçə klub var?
- Rusiyada sistem fərqlidir. Orada əvvəlcə regionlararası birincilik təşkil edilir və qalib olanlar ölkə çempionatının final mərhələsində iştirak etmək hüququ qazanırlar. Ölkə birinciliyinin final mərhələsində 16 komanda yarışır. Hər regionun çempionatında isə 20-dən artıq klub mübarizə aparır. Məsələn, Saratovun 24 komandası var. Moskva bölgəsində isə 100-ə yaxın klub final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparır. Yəni Rusiyada təxminən ümumilikdə 1000-dək klub var.
- Bəs Rusiya yığmasının Avropa və dünya reytinqindəki yeri necədir?
- Çalışdırdığım «Delta» klubunun 5 oyunçusu Rusiya millisinin üzvüdür. Avropanın ən güclü yığma komandası Portuqaliyadırsa, ikinci pillədə Rusiya millisidir. Dünya reytinqində isə 5-6-cı yerdədirlər.
- İşlədiyiniz klubdan söz düşmüşkən, «Delta» Rusiya birinciliyində hansı pillələrdədir?
- Çempionatın final mərhələsində Rusiya yığmasının bazasını təşkil edən klub birinci yerdədir. Biz isə onlardan sonra qərarlaşmışıq.
- Azərbaycan yığmasından başqa, hansı komandalardan dəvət almışdınız?
- Bir müddət əvvəl Rusiya millisinin ikinci məşqçisi postunu təklif etmişdilər. Bundan başqa, Solomon adaları millisindən də dəvət olunmuşdu. Amma mən heç birini qəbul etmədim. Azərbaycandan isə təklif gələn kimi razılıq verdim.
- Buradakı şəraitlə maraqlanmağa imkan tapmısınızmı?
- Artıq 3 gündür Bakıdayam. Gələn kimi Mərdəkanda inşa olunan stadiona getdim. Bu qısa müddət ərzində o cür möhtəşəm bir arenanı tamamlayanların abidəsini ucaltmaq lazımdır. Açığı, bəlkə də heç Rusiyanın özündə elə stadion yoxdur. Dənizin sahilində, kurort bölgəsində tikilib. Çox gözəl şəraiti var. O stadionda istənilən beynəlxalq yarışı təşkil etmək mümkündür. Millinin futbolçuları ilə də artıq tanış olmuşam.
- Yəqin xəbəriniz var ki, Azərbaycanda ölkə çempionatı hələ həvəskar komandalar arasında keçirilir. Bu amil sizi qorxutmur ki?
- Rusiyada da hər şeyə həvəskar səviyyədə başladıq və indi orada peşəkar klubların sayı gündən-günə artır. Planımız var ki, ölkə çempionatını həm peşəkar, həm də həvəskar komandalar arasında təşkil edək. Bundan başqa, bu ildən etibarən çimərlik futbol klubları arasında Çempionlar Liqası təşkil olunacaq. Bu dəfə çatdırmayacağıq, amma gələn il biz də həmin yarışda təmsil oluna bilərik. Üstəlik, ən yaxşı 20 ölkə arasına daxil olduğumuzdan, klubumuz ÇL-ə 1/4 finaldan qoşula bilər. Onu da deyim ki, Avropanın nəhəng futbol klublarının – «Arsenal»ın, «Real»ın, «Mançester Yunayted»in nəzdində çimərlik futbolu üzrə komandalar var və onlar ÇL-də mübarizə aparacaqlar.
- Qeyd etdiniz ki, həm peşəkar, həm də həvəskar komandalar arasında ölkə çempionatı keçiriləcək. Çimərlik futbolunun Azərbaycanda yeni yarandığını nəzərə alsaq, həm oyunçu, həm də məşqçi qıtlığının yaranacağını düşünmürsünüz?
- Ən böyük istəyimizdən biri də burada öz məşqçilərimizi yetişdirməkdir. Bunun üçün seminarlar təşkil etməyi də planlaşdırmışıq. Məsələn, ötən il millinin şərəfini qorumuş 4-5 futbolçumuza məşqçiliyin sirrlərini öyrədəcəyik ki, karyeralarını bitirəndən sonra çimərlik futbolunda qalıb faydalı olsunlar. Gec-tez çimərlik futbolu Olimpiya oyunlarından birinə çevriləcək. İndidən bazanı yaratmalıyıq ki, sonra çox gec olmasın.
- Köməkçilərinizi müəyyənləşdirmisiniz?
- Yığmanın əvvəlki məşqçi korpusu ilə tanış oldum. Hamısının işindən razıyam və onlarla işləyəcəyəm.
- Sizcə, Azərbaycanda çimərlik futbolunun səviyyəsi neçə ildən sonra, məsələn, Rusiyadakı səviyyəyə çatacaq?
- Mən kollektivdə olan hər kəsin gözündə qığılcım gördüm, işləmək və uğur qazanmaq arzusunun olduğunu hiss etdim. Bu gedişlə çox qısa zamanda, hətta deyərdim ki, bir ildən sonra Rusiya səviyyəsinə çatacağıq. İndi əsas məqsədimiz mayın 31-dən iyunun 7-dək İspaniyada keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarına hazırlaşmaqdır. Heyəti formalaşdırmalı və yüksək səviyyədə hazırlıq keçməliyik. Mən komanda ilə görüşümdə də dedim ki, hər şeyə sıfırdan başlayacağıq. Sanki indiyə qədər çimərlik futbolu ilə məşğul olmayıblar. İndidən dünya çempionatına Avropa üçün ayrılan 5 vəsiqədən birini qazanacağımıza söz verə bilmərəm. Amma 3 aya mübariz komanda yaradacağımıza əmin ola bilərsiniz.
- Necə düşünürsünüz, Xəzərin sahilində yerləşən və çimərlik futbolunun inkişafı üçün münbit şəraiti olan Azərbaycanda idmanın bu növünü daha da kütləviləşdirmək üçün nə etmək lazımdır?
- Birinci stimul milli komandadır. Çünki hələ klublarımız peşəkar səviyyədə deyillər. Yəni bu gün azarkeş stadiona yalnız millinin oyunlarına, məşqlərinə baxmaq üçün gələ bilər. Buna görə də yığmamız uğur qazanmalıdır. Bakıda Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və sair kimi ölkələrin komandaların yarışacağı beynəlxalq turnirlər təşkil etməyi planlaşdırmışıq. Daha sonra isə ölkə çempionatının təşkilatçılığına diqqət yetiriləcək. Mənə dedilər ki, həvəskarlar arasında keçirilən ölkə çempionatında 60-a yaxın klub mübarizə aparıb. Bu isə çox yaxşı saydır. 60 klubla il ərzində ölkə çempionatı təşkil etmək olar. Çempionat keçirilsə, ən azı bu komandalarda oynayanların qohumları, dost-tanışları stadiona gələcəklər. Kütləviliyə məhz bu cür nail olmaq mümkündür. Çimərlik Futbol Federasiyasının rəhbərliyi 2011-ci ildə keçiriləcək dünya çempionatının ölkəmizdə təşkil olunması üçün namizədliyini irəli sürəcək. O cür möhtəşəm bir yarışın Azərbaycanda keçirilməsinə nail olsaq, dünyanın ən güclü komandaları Bakıya gələcəklər. Namizədliyimiz qəbul olunsa, çimərlik futbolunda sözün əsl mənasında inqilab etmiş olarıq.
 

20.02.2009