Yaxınlarda Avropa Oyunlarının Əməliyyat komitəsinin tədbiri keçirilib.
Bildiyiniz kimi Bakı Avropa Oyunlarının təbliğatı məqsədi ilə, bu yaxınlarda Avropa Oyunlarının Əməliyyat komitəsinin tədbiri keçirilib. Tədbirin əsas mövzularından biri Avropa Oyunlarına Azərbaycan və Avropa ölkələrindən daha çox azarkeş və tamaşaçı kütləsini cəlb etməkdən ibarət idi. Bu layihəyə təkan vermək məqsədi ilə şou-biznes nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.Onların hər biri seçilmiş İdman növünün "Ulduz Səfiri" olaraq Bakı 2015 Avropa oyunlarına öz dəstək və töhvələrini verəcəklər. Hər bir İdman növündə olduğu kimi Çimərlik futbolunun səfiri də məlum olundu. Adı çəkilən idman növünün tanıtımı və təbliğatı aktyor yumorist Bəhram Bağırzadəyə həvalə olundu.
10 Fevral tarixində Azərbaycan Çimərlik Futbol federasiyasının (AÇFF) qərargahında milli komandanın rəsmiləri, Avropa Oyunlarının Əməliyyat Komitəsinin məsul şəxsləri, məşqçi heyəti və Bəhram Bağırzadənin iştirakı ilə kiçik iclas keçirildi. O, ilk növbədə komanda rəsmiləri və məşqçilərlə tanış oldu. Görüş zamanı müxtəlif maraqlı fikirlər səsləndi və Çimərlik Futboluna aid video çarx izlənildi. Birgə əməkdaşlıq naminə gələcək planlar barəsində bir sıra təkliflər müzakirə olundu. Həm federasiya və Əməliyyat komitəsinin üzvləri, həm də Bəhram üzərinə düşən öhdəlikləri yerinə yetirməyi çalışacaqlarına söz verdilər.